Martın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Schneider Electric” şirkətinin Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Emrah Tekdemirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqlara universitet haqqında geniş məlumat verib, burada son vaxtlar həyata keçirilən uğurlu islahatlardan danışıb. Ötən il I ixtisas qrupunda ölkə üzrə 500-dən yuxarı bal toplayan abituriyentlərdən 51%-nin ADNSU-nu seçdiyini bildirən rektor M.Babanlı bunu universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi ilə əlaqələndirib. Magistratura pilləsində 1000-dən çox tələbənin təhsil aldığını deyən prof. Mustafa Babanlı bu il Təhsil Nazirliyinə bu pillə üçün 609 yer sifariş etməyi planlaşdırdıqlarını qeyd edib. Azİİ-nin hazırda qarşıya qoyduğu ən vacib vəzifələrdən birinin tələbə və məzunların işlə təmin olunması olduğunu söyləyən rektor, prof. M.Babanlı bunun üçün müəyyən addımlar atıldığını dilə gətirib: “Bizim Energetika fakültəsində tətbiq etdiyimiz gündəlik təcrübə proqramı çərçivəsində hazırda 144 tələbəmiz öz ixtisasları üzrə müxtəlif müəssisələrdə təcrübə keçirlər. Bizim əsas məqsədimiz tələbələrin təhsil aldıqları müddətdə öz ixtisaslarını həm nəzəri həm də praktiki cəhətdən mənimsəmələri, məzun olduqdan sonra isə işlə təmin olunmalarıdır”.
Səmimi qəbula görə rektor prof. Mustafa Babanlıya öz təşəkkürünü bildirən Emrah Tekdemir “Schneider Electric” şirkətinin fəaliyyəti haqqında məlumat verib. ADNSU ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edən E.Tekdemir “Schneider Electric”də gənc kadrların hazırlığına xüsusi önəm verildiyini bildirib. ADNSU-da Energetika fakültəsinin tələbələri ilə müsahibə təşkil etməyi planlaşdırdıqlarını deyən Emrah Tekdemir onlardan ən hazırlıqlı bir neçəsinin işlə təmin ediləcəyini vurğulayıb.