×

News

News 31 Mar 2017
ADNSU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Martın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Milli Məclisin deputatı, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və 31 mart soyqırımında dünyasını dəyişənlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı son yüz ildə ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətlərlərdən danışıb və bu hadisələrdə həyatını itirmiş soydaşlarımızın əziz xatirəsinin həmişə bizim yaddaşlarımızda qalacağını bildirib.

Törədilmiş cinayətlərə obyektiv qiymətin yalnız müstəqillik dövründə verildiyini deyən rektor Mustafa Babanlı 1998-ci il martın 26-da Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə ermənilərin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verildiyini qeyd edib.

Millət vəkili, professor Yaqub Mahmudov böyük havadarlarının dəstəyi ilə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımının tarixindən danışaraq, 1905-1907-ci illərdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər, 1918-ci ilin mart-aprel aylarında ölkənin müxtəlif yerlərində minlərlə soydaşımızın xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi barədə məlumat verib.

Xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırımı siyasətinin bu gün də davam etdiyini deyən Yaqub Mahmudov Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlıları tərəfindən həyata keçirilmiş vəhşiliklər, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı, bu ərazilərdəki mədəniyyət abidələrinin dağıdılması Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu qeyd edib.

Tarixi faktlarla soyqırımı həqiqətlərinin dünyaya çatdırılması işinə dövlət tərəfindən göstərilən dəstəyi diqqətə çatdıran Yaqub Mahmudov bu məsələdə beynəlxalq ictimaiyyətin maarifləndirilməsi işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşdüyünü deyib.


Share