×

News

News 03 Apr 2017
ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

Aprelin 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Frankofoniya Universitetləri Agentliyinin  regional direktoru Mohamed Ketata ilə görüşüb.

Fransız universitetləri ilə əməkdaşlığın müzakirə olunduğu görüşdə Azərbaycan və Fransa arasındakı təhsil və mədəni əlaqələrin tarixindən danışılıb, Fransız–Azərbaycan Universitetinin (UFAZ) iki ölkə təhsilini birləşdirən ən uğurlu layihələrdən olduğu vurğulanıb. ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqlara universitet haqqında geniş məlumat verib, universitetdə ingilis dili ilə yanaşı fransız dilində də tədris aparılmasının prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb. Fransız dilində tədris aparılması üçün professor və müəllim heyətinin olduğunu qeyd edən rektor azərbaycanlı tələbələrin fransız dilinə böyük maraq göstərdiklərini bildirib.

“UFAZ bizim təhsil əlaqələrimizin daha da genişləndirilməsinə və yeni layihələrə şərait yaratdı. UFAZ bizim üçün olduqca mühümdür. Bu əlaqələrimizin daha da inkişafı üçün yeni əməkdaşlıqlara hər zaman hazırıq”, - deyə rektor, professor M.Babanlı bildirib.

Səmimi qəbula görə rektor, prof. Mustafa Babanlıya təşəkkürünü bildirən Mohamed Ketata   rəhbərlik etdiyi agentliyin fəaliyyət istiqamətləri, üzvləri və digər mühüm məsələlər haqqında  məlumat verib. ADNSU ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd edən M.Ketata fransız dilinin tədrisi üçün keçilən bütün təlimləri dəstəklədiyini bildirib. O ADNSU ilə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf edəcəyinə və əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini vurğulayıb.

Sonra Frankofoniya Universitetləri Agentliyinin nümayəndələri UFAZ-ı ziyarət edib, tədris prosesi və auditoriyalarla tanış olub.


Share