Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) daha 8 tələbəsi akademik mübadilə proqramı çərçivəsində Qazaxıstan Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Satbayev adına Milli Tədqiqat Texniki Universitetində Satbayev Universitetində təhsillərini davam etdirəcək.
2026/2027-ci tədris ilinin payız semestrində akademik mübadilə proqramında iştirak edən tələbələr mühəndislik və texnologiya istiqamətləri üzrə təhsil alırlar.
Belə ki, “Energetika mühəndisliyi” ixtisası üzrə II kurs tələbəsi Tuncay Səttarzadə, “Sənaye mühəndisliyi” ixtisası üzrə III kurs tələbələri Abbas Abbasov və Zamiq Əliyev, “Mexatronika və robototexnika mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Mirəziz İbişov, “İnformasiya texnologiyaları” ixtisası üzrə II kurs tələbəsi Alina Koxayeva və həmin ixtisas üzrə təhsil III kurs tələbəs Vüsalə Musayeva, “Kompüter mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Reyhanə Haxverdiyeva, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə III kurs tələbəsi Ruad Əfəndiyev payız semestri ərzində təhsillərini Satbayev adına Milli Tədqiqat Texniki Universitetində davam etdirəcəklər.
Qeyd edək ki, Qazaxıstanın aparıcı texniki ali təhsil müəssisələrindən biri olan Satbayev Universiteti müasir elmi-tədqiqat və innovasiya infrastrukturu ilə seçilir. Universitetdə RoboLab, Smart Petro Hub Engineering Laboratory, Applied Machine Learning Laboratory, Research Laboratory of Cybersecurity and AI, eləcə də sənaye yönümlü 30-dan çox ixtisaslaşmış laboratoriya və İnnovasiya Mühəndislik Mərkəzi fəaliyyət göstərir.
Bu imkanlar ADNSU tələbələrinin xüsusilə informasiya texnologiyaları, kibertəhlükəsizlik, energetika, sənaye mühəndisliyi, mexatronika və robototexnika kimi strateji istiqamətlər üzrə müasir elmi və praktiki təcrübə qazanmalarına geniş imkan yaradır.
ADNSU-nun tələbə mobilliyinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlər tələbələrin beynəlxalq akademik mühitə inteqrasiyasına, peşəkar və şəxsi inkişafına, eləcə də qlobal əmək bazarının tələblərinə uyğun kompetensiyalar əldə etməsinə mühüm töhfə verir.
Bununla da, son 1 il ərzində 154 ADNSU tələbəsi beynəlxalq akademik mobillik imkanlarından yararlanaraq xarici ali təhsil müəssisələrində təhsil və akademik təcrübə əldə ediblər.