Oktyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində kitab təqdimatı keçirilib.
Tədbirdə ADNSU-nun Cihaz mühəndisliyi kafedrasının professoru Kəmalə Rafiq qızı Əliyevanın “Artificial Intelligence” və “Avtomatik idarəetmə sistemlərinin əsasları” kitabları təqdim olunub.
Tədbiri giriş sözü ilə açan Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova bildirib ki, təqdimatın məqsədi yalnız yeni nəşrləri oxuculara tanıtmaq deyil, həm də elmi bilikləri, mütaliə mədəniyyətini və nəşr irsini təbliğ etməkdir. O, hər iki kitabın süni intellekt və avtomatik idarəetmə sistemləri sahəsində biliklərin genişləndirilməsi, eləcə də yeni tədqiqatların aparılması baxımından əhəmiyyətli mənbə olacağını vurğulayıb.
Təqdimatda Cihaz mühəndisliyi kafedrasının professoru Lalə Bəkirova, dosent Aynur Cəbiyeva, baş müəllim Məhəbbət Xudaverdiyeva və kafedranın digər müəllimləri çıxış edərək kitablar haqqında fikirlərini bölüşüblər. Çıxışlarda nəşrlərin süni intellekt sahəsində çalışan mütəxəssislər, eləcə də bu istiqamətdə tədqiqat aparan alimlər üçün əhəmiyyəti qeyd olunub.
Tədbirdə, həmçinin ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin əməkdaşları və tələbələr iştirak ediblər.