×

Xəbərlər

Xəbərlər 25 Oct 2026
ADNSU-nun iştirak etdiyi Beynəlxalq Təhsil Sərgisi turu Bakıda yekunlaşıb

Oktyabrın 24-də Bakıda Beynəlxalq Təhsil Sərgisinin (IEF 2026) yekun tədbiri keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iştirak etdiyi sərgi turu Astana, Almatı, Bişkek və Daşkənddən sonra beşinci və sonuncu dayanacağı olan Azərbaycanın paytaxtında başa çatıb.

Sərgidə ADNSU-nun təhsil proqramları, beynəlxalq əməkdaşlıqları və akademik imkanları ziyarətçilərə təqdim olunub. Universitetin stendində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil, ingilis dilində tədris, tələbə mübadiləsi və elmi-tədqiqat imkanları haqqında məlumat verilib. Universitet nümayəndələri ziyarətçilərin ixtisas seçimi və təhsil proqramları ilə bağlı suallarını cavablandırıblar.

Tədbirdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli, Tələbələrlə iş şöbəsinin müdiri Elmar Quliyev və həmin şöbələrin əməkdaşları təmsil ediblər.

Dörd ölkənin beş şəhərini əhatə edən tur boyunca ADNSU-nun nümayəndələri potensial tələbələr, universitetlər və təhsil təşkilatlarının təmsilçiləri ilə görüşlər keçiriblər. Sərgilərlə yanaşı təşkil olunan universitet görüşlərində akademik mobillik, tələbə və müəllim mübadiləsi, birgə tədqiqatlar, ikili diplom proqramları, elmi rəhbərlik, konfranslar və tələbə yarışları üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Builki sərgi turunda 20-dən artıq ölkədən ümumilikdə 86 universitet, eləcə də müxtəlif təşkilatlar iştirak edib. Təşkilatçıların məlumatına görə, tur çərçivəsində keçirilən tədbirlərə qatılmaq üçün 15 mindən çox şəxs qeydiyyatdan keçib.

Qeyd edək ki, 2017-ci ildən ildə iki dəfə təşkil olunan Beynəlxalq Təhsil Sərgisinin builki payız turu oktyabrın 17-də Astanada başlayıb. ADNSU-nun turda iştirakı universitetin beynəlxalq tanınırlığının artırılmasına, əcnəbi tələbələrin cəlbi istiqamətində əlaqələrin genişləndirilməsinə və yeni akademik tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edib.


Paylaş